(+994)55 601 18 31 [email protected]

Autoimmun Hepatitlər

Autoimmun hepatitlər – qaraciyərin xroniki iltihabına səbəb olan qeyri-müəyyən etiologiyalı xəstəliklərdir. Proses laborator, histoloji, klinik əlamətlərlə təyin olunur. Xəstəliyin patogenizi çox mürəkkəb olub, orqanizmin genetik meyilliliyinə əsaslanır. Sübut olunmuşdur ki, autoimmun hepatit xəstələrinin əksəriyyəti əsas histouyğunluq hesab edilən HLA-B8, HLA-DR4/DR3, DR52A fenotipinə görə antigenlərə malikdir. Prosesin başlanmasının səbəbi tam araşdırılmasa da bəzi mənbələr viruslu hepatitləri,qızılca, Epşteyn-Barr, interferonları və s. səbəb kimi göstərmişdir.
Autoimmun hepatitin əsas klinik xarakteristikası hüceyrə və hüceyrədənkənar müxtəlif orqanlarda autoantitellərin aşkarlanmasıdır. Tipik markerlərdən nüvə-antitelləri (ANA), qaraciyər mikrosomlarına və böyrəklərin yumaqcıq aparatının epitel hüceyrələrinə qarşı antitellər (LKM), qaraciyər antigeninə qarşı antitel (SLA), hepatositlərin membranına qarşı (sitokeratin 8, 18) antitellər, (LMA) və yastı əzələ hüceyrələrinə qarşı antitellər (SMA) əsas hesab olunur.
Klinik əlamətlər müxtəlifdir. Simptomsuz təsadüf edilən ALT, AST-nin qalxması fonunda aşkarlanması, digər tərəfdən kəskin gedişli fulminant hepatitin (növbəti məqalə bu haqda olacaq) inkişafına səbəb olan forma.
Simptomlarına nəzər salaq: Bəzən pasientdə heç bir simptom izlənilmir. Çox zaman xəstəlik astenovegatativ əlamətlər, sağ qabırğaaltında, oynaqlarda ağrı, halsızlıq, qripəbənzər bəzi simptomlarla, açıq rəngli nəcis, tünd rəngli sidik hərərətlə siqnal verir. Eyni zamanda gözlərdə (bədəndə) sarılıq müşahidə edilə bilər.

Autoimmun hepatitlərin 3 tipi ayırd edilir:
I tip: Autoimmun hepatitlərin 80-85%-ini təşkil edir. Plazmada ANA və SMA aşkarlanması ilə xarakterizə olunur. Xəstələrin 70%-ə yaxın qadınlardır. Düzdür, xəstəlik hər yaşda ortaya çıxa bilər, lakin daha çox 40-45 yaşdan əvvəl görülür. Buna baxmayaraq diaqnoz 50-60 yaşda qoyula bilir. Butipdə HLAA1, HLAB8 və HLADR3/DR4 fenotipinə uyğun antigenlərin artışı izlənilir. HLADR3 pozitiv pasientlər, HLADR4 pozitiv olanlara görə müalicəyə cavabvermə qabilliyətinin aşağı olması ilə fərqlənir.

II tip: LKM-1 (Liver-Kidney microsomal1) və ALC1 (liver cytocol-1) autoanticisimlərin aşkarlanmasına əsaslanır. Bu tip autoimmun hepatitli xəstələrdə əsasən uşaqlarda (2-14 yaşlı) rast gəlinir.

III tip: Plazmada anti SLA və anti LP (Qaraciyər-pankreas antigenlərinə qarşı əmələ gələn anticisimlər) aşkarlanır. Ümumililikdə 90% hallarda cavanlarda əsasən də qadınlarda izlənilir.

Autoimmun hepatitlə birlikdə inkişaf edən xəstəliklər:

  • Hemolitik anemiya
  • Trombositopenik purpura
  • Kolit
  • Autoimmun tireodit
  • Itip diabet
  • Revmotoid artrit və s.

Autoimmun hepatit yoluxucudurmu ?
Xeyr, heç bir zaman. Hepatit – qaraciyərin iltihabı deməkdir, yəni hər bir hepatit yoluxucu xəstəlik deyildir.

Müalicə:
Məqsəd orqanizmin immun sisteminin autoimmun cavabının qarşısının alınmasına, xəstəliyin inkişafının ləngidilməsinə, immun sistemin yaxşılaşdırılmasına yönəldilmişdir. Bu zaman istifadə olunan dərman preparatları sırasına kortikostreoidlər və digər müasir preparatlar daxildir.

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.