Qaraciyər parenximası daima “hərəkətdədir”. Yəni daima olaraq qocalmış, zədələnmiş hüceyrələr yeniləri ilə əvəz olunur. Hüceyrə “ölümü” qaraciyərdə apaptoz, nekroz və ya hər ikisi vasitəsiylə baş verir. Qaraciyərin orqan olaraq unikal yerləşmə mövqeyi, depolaşmış çox miqdarda qan, qapı venasının təmizlənməmiş qan gətirməsi qaraciyər hüceyrələrinin-hepatositlərin qida hematogen və digər zədələyici faktorlara həssaslığına səbəb olur. Artıq təsdiqlənmişdir ki, nekroz və apaptoz eyni xəstəlikdə, eyni səbəbdən baş verə bilər. Artıq apaptozun sadəcə fizioloji bir proses olmaması təsdiq olunur. Məhz bu proses fibroz və iltihaba səbəb olur. Yəni apaptoz bir çox qaraciyər xəstəliklərinin əsas əlamətləridir: virus hepatitlərin, dərman zədələnmələrinin, alkaqol təsirinin, xolestatik və damar patalogiyalarının və s.
Apaptoza uğramış hepatositlər qaraciyərin ulduz hüceyrələri tərəfindən udulur və bu zaman mürəkkəb bir sxem işə düşür. Sadə ifadə etsək kupfer hüceyrələrinin sitokinləri bir sıra apaptozönü və iltihab sitokinlərini aktivləşdirir. Məhz ulduz hüceyrələrin aktivləşməsi çox qorxduğumuz fibrozun yaranmasında əsas rol oynayır. İstər apaptoz istərsə onkoz və ya hekroz bir sözlə hüceyrə ölümü, istər xəstəlik, xarici toksiki təsir və s nəticəsində istərsə də tam sağlam orqan və toxumalarda baş verən prosesdir. Yəni qocalmış, enerji ehtiyatını itirmiş hüceyrələrin yeniləri ilə əvəz olunması üçün baş verən bir prosesdir.
Çox eşitdiyimiz qaraciyər fermentləri ALT (alamin amin transferoza), QF (qələvi fosfataza), QQT (qamma qlutamil transferoza); AST və s laborator olaraq orqandakı patalogiyanın göstəriciləridir. Belə ki, kəskin hepatitlərin xüsusilə toksik və dərman maddələrinin mənfi təsirindən yaranan toxuma iltihabının 90 %-də qanda bu və ya digər fermentlərin 2 dəfə artması müşahidə edilir.
Məs: ALT-nin aktivləşməsi hepatositlərin sitolizmi, QF-nın artması xolestazin və s. Fermentativ markerleridir. QF qaraciyər hüceyrələrinin apikal membranında yerləşdiyi kimi, öd axarlarının epitel hüceyrələrində də mövcuddur. Bu fermentlərin nisbətinə görə patoloji prosesin xarakteri haqda ilkin rəy söyləmək olar. Məs: ALT/QF>5 olarsa sitolizin üstünlük təşkil etdiyi, ALT/QF<2 xolestazin üstünlüyünü, ALT/QF 2 dən 5 dək kombinə olunmuş patoloji mexanizmin varlığını göstərə bilər. Bütün bunlar çox önəmlidir. Çünki istənilən qaraciyər patologiyasında zədələnmə mexanizmi haqda biliklər müalicə həkiminə düzgün taktika seçməyə kömək edir.
No Comments