Assit qarın boşluğuna maye yığılmasıdır. Əksər hallarda mayenin toplanmasıyla qarnın şişməsi bir-neçə həftə çəkir, lakin bəzi hallarda cəmi bir-neçə günə də mümkündür. Bu zaman xəstədə ürəkbulanması, halsizlıq, təngənəfəslik, tez-tez sidik ifrazı istəyi baş verə bilər.
Assitin əsas səbəbi qaraciyər xəstəlikləridir. Digər çox rast gəlinən səbəblərinə xərçəng və ürək çatışmazlığı aiddir.
Qarın boşluğunda maye olması təsdiqləndikdən sonra səbəbini araşdırmaq üçün aşağıdakı müayinələr aparılmalıdır:
- Qan analizləri: Qaraciyər və böyrəklərin funksiyası yoxlanmalıdır. Əgər sirroz təsdiq olunubsa onun səbəbi təyin olunmalı, hepatit B və C virusları yoxlanmalıdır.
- Mayenin analizi: Qarın boşluğuna toplanmış maye nümunəsi xərçəng və infeksiya üçün yoxlanmalıdır.
- Qarın boşluğunun Ultrasəs müayinəsi: assitin səbəbini təyin etmək üçün köməkçi vasitədir, qarın boşluğunda şiş olub-olmadığını və ya qaraciyərə yayılmasını göstərə bilər.
Müalicəsi:
Əgər assitə sirroz səbəb olmuşsa xəstəyə qida rasionunda duzun miqdarını azaltması və sidikqovucu qəbulu tövsiyə oluna bilər. Sidikqovucular sidik ifrazını artırmaqla mayenin həcminin azalmasına gətirib çıxarır. Lakin bəzi assit halları sidikqovuculara rezistent olur. Kəskin hallarda qaraciyər transplantasiyası ən yaxşı variantdır.
Digər müalicə üsullarına parasentez və şuntlama aiddir. Parasentez zamanı həkim iynə vasitəsilə qarın boşluğundan artıq mayeni çəkib çıxarır.
No Comments