Virus hepatitləri – viruslar tərəfindən törədilən və qaraciyəri zədələyən ağır xəstəliklərdir. Onlar quruluş və xarakterinə görə bir-birlərindən tamamilə fərqlənsələr də, hamısını birləşdirən ortaq əlamət insanların qaraciyərini zədələmələridir. Hepatit B və C tərəfindən törədilən xroniki hepatit daha təhlükəlidir.
Əgər hepatit viruslu xəstə aşkarlanmışsa hospitalizə olunana qədər izolə olunmalıdır. Hepatit A zamanı xəstənin yataq dəsti, məişət əşyaları, şəxsi gigiyena vasitələri dezinfeksiya olunmalıdır. Paltarları və yataq dəsti 15 dəqiqə 2%li sabun-soda məhlulunda qaynadılmalıdır. Xəstənin işlətdiyi qab-qacaq həmçinin sterilizasiya olunmalıdır.
Hepatit B virusunun ev şəraitində dezinfeksiyası demək olar ki, mümkün deyil, çünki virus dezinfeksiya edici məhlullara qarşı çox dayanıqlıdır. Əşyaların və sahənin dezinfeksiyası üçün peşəkarlar cəlb olunmalıdır. Mütləq şəkildə uşaq bağçaları, məktəblər, qaçqınlar üçün olan düşərgələr, ictimai qidalanma nöqtələri dezinfeksiya olunmalıdır.
Hepatitli xəstə ilə kontaktda olmuş şəxslər tibbi nəzarətdə olmalı və hepatitə qarşı peyvənd olunmalıdır.
VACİB QEYD: Kosmetoloji salon, stomatoloq, tatu-salon və tibbi mərkəzlərə müraciət etdikdə hansı alətlərin istifadə olunduğuna və necə sterilizasiya olunduğuna diqqət edin. Ancaq bütün qaydalara uyğun sterilizasiya edən, etibar etdiyiniz müəssələrə müraciət edin.
No Comments