Gluten nədir?
Gluten buğda, yulaf və digər qida maddələrində olan bir zülaldır. Bəzi dərman maddələri, vitaminlər, hətta dodaq boyalarının da tərkibinə əlavə edilir. Gluten həssaslığı orqanizmin gluteni parçalayıb həzm edə bilməməsidir. Bəzi insanlarda bu özünü yüngül əlamətlərlə göstərərkən, bəzilərində çox ağır seliakiya xəstəliyinə səbəb olur.
Seliakiya xəstəliyində glutenə immun reaksiya nəticəsində bədəndə toksinlər əmələ gəlir. Bu toksinlər isə bağırsağın xovlarını zədələyir. Xovlar bağırsaq divaında olan kiçik çıxıntılardır, onların vasitəsilə bağırsağımızdan qəbul etdiyimiz qida maddələri sovrulur. Bu xovların zədələnməsi orqanizmdə qidalı maddələrin çatışmazlığı və bağırsağın geridönülməz patologiyası ilə xəstəni üz-üzə qoya bilər.
Gluten həssaslığının simptomları hansılardır?
Seliakiya xəstəliyinin uşaqlarda və böyüklərdə simptomları fərqlidir. Uşaqlara müşahidə olunur:
- daimi yorğunluq
- qusma
- qarında ağrı, köp
- ishal
- nəcisin rənginin itməsi, yağ izlərinin olması
Yetkin şəxslərdə seliakiya xəstəliyi həzm sistemi pozğunluqlarıyla birgə digər orqan patologiyalarıyla da özünü göstərir:
- dəmir-defisitli anemiya
- oynaq ağrıları
- sümüklərin kövrək olması
- qıcolmalar
- dəri problemləri
- dişlərdə emalın rənginin dəyişməsi
- ağızın selikli qişasında yaraların olması
- menstruasiya tsiklinin qaydasız olması
- sonsuzluq və düşüklər
Müalicəsi:
Seliakiyanın yeganə müalicəsi qida qəbulundan gluten tərkibli bütün maddələrin birbaşa çıxarılmasıdır. Xüsusi glutensiz pəhrizə riayət olunmalıdır.
No Comments