Şəkərli diabetdən əziyyət çəkən xəstələrdə qaraciyər xəstəliklərinin inkişaf riski böyükdür. Belə xəstələrdə qaraciyərin piylənməsi tez-tez rast gəlinir. Qaraciyərin piylənməsi bildiyimiz kimi artıq çəki və piylənmə ilə əlaqəlidir.
Unutmayın ki, sağlam qidalanma və aktiv bədən tərbiyəsi ilə artıq çəkidən və onun gətirdiyi xəstəliklərdən qurtulmaq mümkündür. Çəkinin 10% azaldılması artıq qaraciyər piylənməsi və 2-ci tip diabetin müalicəsinə çox böyük müsbət təsir göstərir.
Şotlandiyada aparılan elmi tədqiqatlar zamanı öyrənilib ki, diabetdən əziyyət çəkən kişilərdə qaraciyərin piylənməsi diabet olmayan kişilərə nisbətən 3 dəfə daha çox rast gəlinir. Qadınlarda isə diabet bu riski düz 5 dəfə artırır. Belə pasiyentlər alkoqol qəbuluna qarşı da daha həssas olurlar və alkoqol qaraciyərlərini daha tez zədələyir, ona görə də mümkün qədər alkoqol qəbulundan çəkinməlidirlər. Ümumiyyətlə xroniki qaraciyər xəstəlikləri zamanı 2-ci tip diabet böyük risk faktorudur.
Qaraciyərin piylənməsi əgər müalicə olunmasa sirroz və qaraciyər xərçənginə gətirib çıxara bilər. Həmçinin qaraciyərin daha da çox zədələnməsinin qarşısını almaq üçün belə pasiyentlərə Hepatit A və B-yə qarşı peyvənd olunmaq tövsiyə olunur.
No Comments