Hepatit B-nin dəqiq təyini üçün laborator diaqnostikadan istifadə olunur. Hepatit B panelinə daxil olan analizlər aşağıdakılardır. Bu analizlərin hər biri pasiyentin virusa yoluxduğunu qiymətləndirmək üçün mütləq lazımdırlar.
- HbsAg (Hepatit B-nin səthi antigeni) – Bu antigenin pozitiv olması pasiyentin virusla yoluxduğunu göstərir. Yoluxma zamanı ilkin təyin olunan antigendir. Ən tez yoluxmadan sonra 1-ci həftədə, ən gec 9-cu həftədə özünü göstərir. HbsAG pozitiv olduqda artıq hepatitin kəskin yoxsa xroniki olduğunu təyin etmək lazımdır. HbsAg pozitivdirsə deməli, pasiyentdə hepatit b var və digər insanları qanla yoluxdura bilər.
- Anti-Hbs (Hepatit V-nin səthi antiteli) – Anti-Hbs pozitiv olması o deməkdir ki, pasiyentdə Hepatit B-yə qarşı immunitet var. Bu immunitet 2 cür yarana bilər. Birinci halda pasiyent Hepatit B peyvəndi olunmuşdursa bu antitellər qanında aşkarlanır. İkinci halda isə pasiyent Hepatit B xəstəliyi keçirir və xəstəlikdən sağaldıqdan sonra bu antitellər qanında qalır. Antitellər virusa qarşı qoruyur. Yəni Anti-Hbs pozitiv olan insanlar virusa yoluxmurlar və virusu yaymırlar.
- Anti-Hbc (Hepatit B nüvə antitelləri) – pozitiv Anti-HBC analizi hazırda aktiv və ya keçirilmiş Hepatit infeksiyasını göstərir. Bu antitellər Anti-Hbs-dən fərqli olaraq hepatitə qarşı immunitet yaratmır. Bu analizin nəticəsini düzgün başa düşüb interpretasiya etmək üçün yuxarıda izah olunan hər 2 analizin nəticəsi ilə tanış olmaq lazımdır. Anti-Hbc total, İgM və İgG ayrılıqda təyin oluna bilər.
- HbeAg – yeni, kəskin infeksiyanın göstəricisidir. Qanda HbeAg-nin aşkarlanması yüksək HBV RNT ilə birlikdə assosiasiya olunur və bu ərəfədə pasiyent yüksək yoluxucudur.
No Comments