Artıq havaların qızdığını hər birimiz hiss edirik. Ölkəmizdə yay xüsusilə qızmar keçir. Qaraciyər xəstəliklərindən əziyyət çəkən pasiyentlər qaraciyərlərini istinin zərərli təsirlərindən qorumalıdırlar. Çünki qaraciyərdə iltihab olduğundan onsuz da öz funksiyalarını tam icra edə bilmir. Digər tərəfdən həddən çox istinin təsiri onun işini zəiflədir. Qaraciyər problemləri isə özünü bütün orqanizmdə dəyişikliklərlə göstərir. Ona görə yayda tövsiyə olunur
- Yeməkləri mümkün qədər az bişirin – qızardılmış, sobada hazırlanmış yeməklərdən qaçının. Qaynar yeməklər qəbul etməyin. Çünki belə qidaların zərərsizləşdirilməsinin yükü qaraciyərin üzərinə düşür, həm də yeməklər çox bişirildikdə tərkiblərində olan qidalı maddələrin çoxunu itirirlər.
- Maye qəbulunu artırın – azı 2 litr su için. Bu isti havanın təsirini azaldır və qaraciyərə yetərincə kömək olur.
- Ağır qidalar qəbul etməyin – çörək, ət, yağlı qidalar həzmi yavaşlandırır və orqanizmdə istilik əmələ gəlməsi prosesini artırır.
- Sərinləşdirici qidalara üstünlük verin – temperaturu qida vasitəsilə stabilləşdirin. Salat, soya, meyvə və tərəvəzlər, gül və ot çaylarına üstünlük verin.
- Buz istifadəsini azaldın – buzlu içkilər və dondurma mədəyə düşdüyü zaman soyuğun təsirindən həzm prosesini yavaşladır. Qaraciyərin həzmdə rolunu bilərək isə onun işinə kömək etmək lazımdır. Ona görə qaraciyər xəstələri kəskin soyuq qidalar qəbul etməməlidir.
- Duzlu yeməklər yeməyin – çoxlu duz qəbulu orqanizmi qurudur, maye qəbulunun faydasını aşağı salır. Bədən mayelərinin quruması isə orqanizmdə temperaturun yüksəlməsinə səbəb olur. Bu da özünü yorğunluq, yuxululuq, ağırlıq kimi əlamətlərlə göstərir.
- Toksinlərdən azad olun – Yadda saxlamaq lazımdır ki, istidə toksinlər və infeksiyalar daha sürətlə çoxalırlar. Ona görə də qaraciyər bu dövrdə daha həssas olur. Toksinləri təmizləyən bir sıra qidalar vardır ki, onları gündəlik rasionunuza daxil etməklə qaraciyərinizə kömək edə bilərsiniz. Bura aiddir – lobya, tofu, turp, əncir və s.
Qaraciyər üçün düzgün qidalanma haqqında daha ətraflı məlumatı DoctorHep mobil əlavəmizi yükləyərək əldə edə bilərsiniz. https://play.google.com/store/apps/details?id=hepatitis.az.doctorhep&hl=az
No Comments