Qaraciyər orqanizmdəki ən böyük və geniş funksiyalı orqanlardan biridir. 500-dən çox funksiya yerinə yetirə qaraciyərin zədələnməsi zamanı başverən dəyişikliklər də böyük həcmli və ciddidir. Ona görə də qaraciyər problemlərini mümkün qədər tez aşkarlamaq lazımdır.
Ümumiyyətlə profilaktik olaraq ildə heç olmasa bir dəfə ən vacib sistem və orqanların müayinəsindən keçmək lazımdır. Lakin bəzi simptomlar var ki, onları müşahidə etdiyiniz zaman artıq müayinəni ləngitmək olmaz. Aşağıda qeyd olunan qaraciyərin disfunksiyası əlamətləri varsa qaraciyəri yoxlamaq mütləqdir.
- Sağ qabırğa altında narahatçılıq hissi – qaraciyərin zədələnməsinin ilkin əlamətlərindən biridir. Bu zaman iynəbatması, dartılma xarakterli ağrılar ola bilər. Belə ağrılar adətən insan asqırdıqda, qışqırdıqda, ucadan güldükdə, ağırlıq qaldırdıqda, yana doğru kəskin döndükdə, qızardılmış, yağlı, acılı qida qəbul etdikdə özünü göstərir.
- Qaraciyərin böyüməsi – qaraciyərin böyüməsi daha dəqiq ultrasəs müayinəsi zamanı diaqnoz edilir. Arıq bədən quruluşlu insanlarda isə çılpaq gözlə də müşahidə etmək olar.
- Ağızda xoşagəlməz dad – xroniki qaraciyər problemləri olan pasiyentlər həmişə ağızda quruluqdan və acı daddan şikayətlənirlər. Yeməyin dadını daha az hiss edirlər. Həmişə yeyilən qida belə fonda ürəkbulanma yaşada bilər.
- Astenik sindrom fonunda çəkinin azalması – Xoşagəlməz qida, ürəkbulanma, iştahasızlıq, yemək porsiyasının azaldılması çəki itkisinə gətirib çıxardır. Xəstələrdə əsəbilik, tez qıcıqlanma, zəiflik, yuxululuq müşahidə olunur, orqanizmin enerjiyə olan ehtiyacı ödənmir. Zülal mübadiləsinin pozulması güclənir, ammonyakın qanda toplanmasının toksik effektləri yaranmağa başlayır. İkincili hiperammoniyemiya müşahidə olunur.
- Sarılıq – dəri örtüklərinin, gözün ağının, selikli qişaların saralması, sidiyin rənginin tündləşməsi, dərinin qaşınması, titrətmə, oynaqlarda ağrılarla müşahidə olunan ümumi simptom kompleksidir.
Qaraciyərin funksiyasının yoxlanması hamiləlik zamanı da aparılmalıdır. Yaxşı olardı ki, xanımlarımız hələ hamiləlik planlaşdırdıqları dövrdə artıq yoxlanmadan keçib gərəkli müalicəni alsınlar. Bu həm onların. həm də gələcək övladlarının sağlamlığını siğortalayır.
Həmçinin cərrahi əməliyyat öncəsi və ağır dərmanların qəbulundan öncə də qaraciyər yoxlanmalıdır.
No Comments