Hepatit C diaqnozunun qoyulması hər bir insan üçün şok effekti yaradır. Lakin Hepatit C həyatın sona yetməsi və ümidsizliklə əlaqələndirilməməlidir. Çünki tamamilə müalicə olunur.
- Ona görə də birinci olaraq panika yaratmamaq və özünüzü ələ almaq lazımdır.
- Hepatit haqqında bacardığınız qədər çox məlumat əldə etməyə çalışın. Müxtəlif müalicə üsulları vardır, onlar haqqında öyrənmək gələcəkdə seçim etməyə yardımçı olacaqdır. Həmçinin digər insanları yoluxdurmaq necə qaçınmaq lazım olduğunu da öyrənməlisiniz.
- Hepatitin müalicəsi üçün hepatoloq (qaraciyər həkimi), qastroenteroloq ( həzm sistemi mütəxəssisi) və ya infeksionistə (yoluxucu xəstəliklər üzrə mütəxəssis) müraciət edə bilərsiniz. Mütləq diaqnoz olunduğunuz yerdə müalicə olunmalı deyilsiniz, sizə rahat olan, güvəndiyiniz Hepatit C təcrübəsi böyük olan klinika və ya mütəxəssis seçin.
- Hepatit C-nin orqanizmə necə təsir etdiyini başa düşmək üçün həkiminiz bir sıra analizlər təyin edəcəkdir. Ən əvvəl Hepatitin genotipi müəyyənləşdiriləcəkdir, çünki hansı genotipə yoluxduğunuz müalicə planına böyük təsir göstərir. Daha sonra qaraciyərin nə dərəcədə zədələndiyini aydınlaşdırmaq üçün qaraciyər sınaqları və USM müayinəsi təyin oluna bilər.
- Müasir müalicə metodları ilə Hepatit C ən qısa 8 həftəyə müalicə oluna bilər. Lakin hər dərman maddəsi hər kəsə uyğun deyildir. Dərmanların düzgün qəbul edilməməsi qaraciyərin artıq zədələnməsinə və müalicənin effektsiz olmasına gətrib çıxara bilər.
- Qaraciyəri qorumaq üçün sağlam həyat tərzinə keçin. Az yağlı, üksək lifli qidalar qəbul etmək, çoxlu su içmək tövsiyə olunur. Fiziki aktivlik və çəkinin azaldılması arzuolunandır. Həmçinin digər hepatitlərdən qorunmaq üçün Hepatit A və B-yə qarşı peyvənd də elətdirmək də sağlamlığınız üçün vacibdir.
- Zərərli vərdişlərdən uzaq olun. Əgər siqaret, alkoqol və ya digər asılılığınız varsa onları tərgitməyə çalışın. Unutmayın, bütün bu toksinlər qaraciyərdə zərərsizləşdirilir, zədələnmiş qaraciyər isə qandan toksinləri təmizləyə bilmir, nəticədə sağlamlığınız daha da pisləşir.
- Hepatit C-dən sağalmaq ömür boyu infeksiyadan qorunmaq demək deyildir. Yenidən yoluxmaq mümkündür. Ona görə diqqətli olmaq lazımdır. Əsas olaraq kimləsə eyni iynədən istifadə etmək və qorunmadan cinsi əlaqədə olmaqdan qaçınmaq lazımdır. Tatu və pirsinq zamanı iynənin yeni və təmiz olmasına diqqət edilməlidir.
No Comments