Viruslu hepatit – müxtəlif viruslar tərəfindən törənən prosesdir. (A; B; C; D; TTV; herpeslər və sair). Hepatit və ümumilikdə qaraciyər xəstəlikləri bir tək viruslar tərəfindən baş vermir; müxtəlif proseslər hepatitə səbəb ola bilər:
• Toksismaddələr (alkoqol, dərman və s.);
• Autoimmun proseslər;
• Dəmir və mis mübadiləsinin pozulması;
• Anadangəlmə alfa-1 antitripsindefisitivə sair.
Virus hepatitlərə yoluxma zamanı orqanizmdə nə baş verir ?
Yoluxma baş verdikdən sonra immun sistem tərəfindən adekvat cavab olarsa, virusun tam eliminasiyası (yəni orqanizmdən təmizlənməsi) baş verir. Bu adətən A;E və bəzi hallarda B virusa yoluxma zamanı olur. İmmun sistem zəif olduqda isə birincili infeksiya baş verir və virus qaraciyərdə persistensiya edir.Xəstəlik isə xroniki fazaya keçir.
Yoluxma yolları hansılardır ?
Viruslar fərqli olduğu kimi yoluxma yolları da fərqlidir. Hepatit A (HAV) fekal-oral. Hepatit B və C (HBV; HCV) hematogen (yəni qan və qan preparatları) ötürülə bilər. Az faiz hallarda cinsi yolla yoluxma mümkündür. Eyni zamanda anadan dölə hamiləlik və doğuş zamanı yoluxma halları da qeyd olunur. Diqqət etməli olduğumuz məqamlardan biri də manikür və pedikür pirsinglər, tatuajlar, eləcə də bərbərxanalarda sterilliyə, birdəfəlik alətlərdən istifadə olunmasına nəzarət etməmizdir.
Yoluxma xəstəlikdirmi ?
B və C hepatitləri üçün BƏLİ. Xüsusi immunoqlobulinlər var ki, ekstra profilaktika lazım olduqda istifadə olunur, lakin sonra mütləq peyvənd olmalıdır. Təəssüf olsun ki müasir təbabətdə ancaq B və A viruslu hepatitə qarşı peyvənd mövcüddur.
Hepatit? Nəticə nədir ?
Yoluxma adətən əksər hallarda hepatitə səbəb olur. Klinik formasına görə kəskin və xronik gedişli ola bilər. Xroniki gedişli proseslərdə sirroz HSK(hepatosellulyar karsenoma) və s baş verə bilər. Lakin bütün hallarda bu cür ağırlaşmalar qeyd olunmur.
Yoluxmanı necə bilmək olar ?
Hepatitin simptomları əsasən qaraciyərin funksional pozulma səviyyəsinə görə dəyişir.
• Zəiflik, yorğunluq;
• İştahın itməsi, ürəkbulanma;
• Sağ qabırğaaltı nahiyyə ağrıları;
• Sidiyin və nəcisin rənginin dəyişməsi;
• Dəri örtüyünün, skleranın saralması.
Laborator müayinələr
Hər bir pasient mütləq xüsusi laborator və instrumental müayinələrdən keçməlidir. Bu müayinələr 2 qrupa bölünür: qaraciyərin funksional və orqanik dəyişməsini təyin edən və virusun miqdarı, keyfiyyət və genotip analizləri.
Müayinə olunan şəxsin viruslu hepatitə yoluxduğu bir neçə laboratoriyada təsdiq olunmalıdır. Sonra isə prosesin gedişini digər müayinlərə əsasən söyləmək olar.
Viruslu hepatit aşkarlanarsa nə etməli ?
Öncə mütləq mütəxəssislə bu məsələ müzakirə olunmalıdır. Bəli,xroniki viruslu hepatitin müalicəsi sadə deyil. Lakin bu proses müalicəyə tabe olur, əsas odur ki, vaxtında düzgün aparılsın.
Hansı ixtisas həkiminə müraciət etməli ?
İstənilən viruslu hepatit qaraciyərin infeksion xəstəliyidir. Bu səbəbdən infeksionist,qastroenteroloq və terapevtlər hepatitlərin müalicəsində daha düzgün ünvandır.
Müasir müalicə nədən ibarətdir ?
Kəskin hepatitlərə virus əleyhinə terapiya aparılmır. Xroniki B, C və D hepatitlər kombinəolunmuş virus əleyhinə preparatlarla müalicə olunur. Digər metodlar sübut olunmuş nəticələr vermir.
Hansı preparatlar daha doğru seçimdir ?
Virusun növündən aslı olaraq həm müalicə taktikası, həm də istifadə olunan preparatlar fərqlidir. Bir neçə nukleozid və nukleotid analoqları, qısa və uzun müddətli inferferonlar və daha yeni 3-lü terapiya da istifadə olunan inhibitorlar əsas seçim preparatlarıdır.
Nədən başlamalı ?
İlk addım həkim mütəxəssisə müraciət etmək və onunla birgə vəziyyətin dəyərləndirməsini aparmaqdan ibarətdir. Əgər zamanında həkimin göstərişlərinə əməl etsəniz, səbirli olub bu aylar bəzən illəri geridə qoysanız vaxtınız boş getməyəcək. Siz hepatitin ağırlaşmasını dayandıracaq,qaraciyəri və həyatınızı xilas edəcəksiniz. Hepatit C-nin müayinə və müalicəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının protokoluna əsasən aparılır.