(+994)55 601 18 31 [email protected]

Hepatit və hamiləlik

Hepatit diaqnozu ilə üzləşən hamilə qadın və onun gələcək körpəsini nə gözləyir?
Bu xəstəlik qaraciyərin diffuz və ocaqlı zədələnmələri ilə davam edən patologiyasıdır. Hepatitlər yaranma səbəbinə görə müxtəlifdirlər. Bunlara viruslar tərəfindən törədilən – virus hepatitləri, preparatlarının təsiri nəticəsində yaranan – kəskin toksik hepatitlər, mexaniki təsirlərdən irəli gələn – mexaniki hepatitlər və s. aiddir. Virusun anaya təsiri daha çox xəstəliyin gedişindən, aparılan profilaktik tədbirlərdən, qida rasionundan və sairdən asılıdır.
KƏSKIN HEPATITLƏR – şüalanma, bədənin müxtəlif dərəcədə yanıqları, hamiləlik toksikozları və alkoqolizm nəticəsində yarana bilər.
TOKSIK HEPATITLƏR – müxtəlif kimyəvi birləşmələrin qaraciyər toxumasına birbaşa təsiri iləəlaqədar olaraq meydana çıxan və onun funksiyalarını zədələyən prosesdir.

VİRUS HEPATİTLƏR (hepatitis viralis) – və qaraciyərin morfo-funksional, üzvi, destruktiv dəyişiklərini ozundə cəmləşdirir. İnfeksion və ya epidemik hepatit çox qədim zamanlardan elmə məlum olan xəstəlikdir. Bu xəstəlik Hippokrat tərəfindən “yoluxucu sarılır xəstəliyi” adı ilə təbabətə gətirilib və 1883-cü ildə rus alimi Botkin xəstəliyin infeksion təbiətə malik olmasını qəti surətdə təsdiq edib. İnfeksion hepatitin virus etiologiyasına -malik olmasını ilk dəfə 1937-ci ildə ABŞ-da Findi və F.Mak-Kollum qeyd ediblər. Virus etiologiyalı hepatitlərə A,B,C,D,E və nisbətən az rast gəlinən F və G aiddir.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, hal-hazırda hepatitlərə yoluxanların sayı 2 milyarddan artıqdır. Virus hepatitlərin yüngül subklinik, ağır klinik gedişə malik,qaraciyərin sirrozuna və xərçənginə səbəb olan müxtəlif formaları var. Bütün infeksion xəstəliklər arasında hepatitlər yayılmasına görə üçüncü yeri tutur. Bunların arasında parenteral yolla yoluxan B, C və D virus hepatitləri əhalinin sağlamlığına daha böyük təhlükədir. Xəstəliyin klinik əlamətlərinə gəldikdə isə əsasən zəif simptomatika fonunda inkişaf edir. Bu simptomlar özünü dəri və selikli qişanın saralması, sidiyin rənginin tündləşməsi, sağ qabırğaaltı nahiyyədə ağrılar, ümumi dispepsik pozğunluqlar, mərkəzi sinir sisteminin oyanııqlığı və sair kimi biruzə verir.

STATİSTİKA
HEPATİT A (HAV) zamanı qeyri-iradi abortlar 1%, vaxtından əvvəl doğuşlar 17.8%-i təşkil edir. HEPATİT B (HBV) zamanı bu göstəricilər 7.7%-dən xəstəliyin nə qədər kəskin fazada olmasından asılı olaraq 55.5%-ə qədər dəyişə bilər. Xroniki hepatitlər zamanı isə uşaqsalma və vaxtından əvvəl doğuş hallarına 2%-10% arasında rast gəlinir. Billdiyimiz kimi qadın hamilə olarkən, ən yaxşı halda isə hamiləliyi planlaşdırarkən müəyyən laborator müayinələrdən keçir. Nəticədə çox zaman bu müayinələrdə təsadüfən aşkarlanır ki, qadın bu və ya digər infeksiyaların daşıyıcısıdır. Bu infeksiyalar arasında dölə teratogen təsirə malik olanlarla yanaşı, birbaşa ananın və dünyaya gələcək körpənin sağlamlığına mənfi təsir göstərənlər də var.
HAMİLƏ QADINDA HEPATİT AŞKARLANARSA İLK ÖNCƏ HANSI MƏSƏLƏLƏR ÖZ HƏLLİNİ TAPMALIDIR?
Hepatitə yoluxma əksər hallarda reprodiktiv yaş dövründə baş verdiyinə görə, bu xəstəliyin məhs hamilə qadınlar arasında aşkarlanması təəcüblü deyil. Yeri gəlmişkən bu gun məhz, belə mövzunun aktuallığı evlilik və hamiləlik öncəsi müayinələrin nə qədər vacib olduğunu bir daha sübut edir. Lakin artıq bu vacib addım atılmadan hamiləlik baş veribsə cavabı verilməli ənəsas suallar bunlardır.
Hamiləlik hepatitli anada xəstəliyin gedişinə necə təsir edəcək?
Hepatit hamiləliyə nə kimi mənfi təsir göstərəcək?
Körpənin bətndaxili, doğuş zamanı və südlə qidalandırarkən yoluxma ehtimalı nə qədərdir?
Dölün yoluxmasının qarşısı alına bilərmi?
Qısa olaraq bir məsələyə də aydınlıq gətirim ki, əgər hepatit diaqnozu hamiləlik öncəsi aşkarlanarsa tam müalicə bitdikdən 6 ay sonra hamiləliyin baş verməsi daha məqsədə uyğundur. Diqqət yetirməli olduğumuz digər məsələ isə bu diaqnozun dünya standartına cavab verən diaqnostik alqoritmlə azı 2 müxtəlif laboratoriyanın bir-birini təsdiq edən nəticələri əsasında qoyulmasıdır. Beləliklə hamiləlik və virus hepatitlərinin qarşılıqlı təsiri necədir? Virus hepatitlər arasında Hepatit E (HEV) zamanı ölüm faizi daha yüksəkdir və bu risk hamiləliyin trimestrindən asılı olaraq 1.5%-dən-21%-dək təşkil edir. Digər hepatitlərlə yoluxma zamanı ən arzuolunmaz hal qeyri-iradi abortlar və vaxtından əvvəl doğuşdur.


HEPATİTİN DÖLƏ ÖTÜRÜLMƏSİ
Aparılan araşdırmalar göstərir ki, bu xəstəlik zamanı inkişaf anomaliyaları, akuşer ağırlaşmaları və s. müəyyən edilmir. Ən qorxulu hal infeksiyanın dölə ötürülməsi və artıq dünyaya gələn körpənin hepatitlə doğulmasıdır. Hepatitin dölə ötürülməsi hallarından vertikal transmissiya (yəni şaquli ötürülmə) yolu ilə ötürülmə halları daha yüksəkdir. Belə ötürülmə Hepatit B, Hepatit G (HGV) zamanı isə nisbətən azdır. Əgər bətndaxili yoluxma hamiləliyin ilk trimestrində baş verərsə bu zaman uşaqsalma riski daha çox ehtimal olunur. Hepatitlərin istənilən növünün dölə ötürülməsi ananın vəziyyətindən, xəstəliyin hansı fazada olmasından, virus yükündən və genotipindən asılı olaraq müxtəlifdir. Xüsusilə qeyd etmək istədiyim bir məsələ də odur ki, virus hepatitlərin istənilən növü immundefisit halında, ağır hamiləlik toksikozları və hipovitaminoz zamanı daha ağır gedişə malikdir.


KÖRPƏNİN YOLUXMASININ QARŞISINI ALMAQ MÜMKÜNDÜRMÜ ?

Doğuş zamanı yoluxmanın qarşısını almaq üçün düzgün doğuş taktikası seçilməlidir. Təəssüf ki, hal-hazırda bu sahədə xüsusi bir fikir mövcud deyil. Doğuşu qəbul edən həkimin və pasiyentin istəyindən asılı olaraq qeysər kəsiyi ilə doğuş aparmaq olar. Lakin konsensuslarda belə qərar qəbul edilib ki, yüksək virus yükü aşkarlanan analarda təbii

doğuşun aparılması arzu olunan hal deyil. Doğuş zamanı 100% müdafiənin mümkünlüyü olmadığı üçün postnatal profilaktika çox vacibdir. Bu müdafiə mümkün olan hepatitlərə qarşı peyvəndləmə ilə həyata keçirilə bilər. Peyvəndlənmə özü xüsusi sxem üzrə özünə məxsus aparılır ki,
gələcək məqalələrdə oxuculara maraqlı olarsa bu haqqda məlumat verərik. Lakin bu sahədə də çətinliklər mövcuddur. Belə ki, HCV-ə qarşı peyvənd olmadığına görə, Hepatit C ilə yoluxmuş anadan dünyaya gələn uşaqlarda doğuşdan sonra 1,3,6,12 və 15 aylarında antitellərin aşkarlanmasına görə İFA metodu ilə və virusun RNT-nin aşkarlanmasına görə PZR (polimeraz zəncirvari reaksiya) vasitəsilə analizlərin aparılması vacibdir. Xüsusilə HCV-nin yeni doğulmuşlarda diaqnostikasına xüsusi həssaslıqla yanaşılmalıdır. Yəni, 15-18 aylığa qədər körpə qanında ananın antitelləri də aşkarlana bilər, məhz bu səbəbdən PZR müayinə vacibdir

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Author Info

hicranhep

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.