(+994)55 601 18 31 [email protected]

Pasiyentlərin suallarını cavablandırırıq ! (I hissə)

Bu məqaləni Sizlərə təqdim etməkdə məqsəd bəlkə Sizlərin də bu suallara cavab axtarışında olmağınızdır. Davamlı olaraq, çalışacayıq ki, Sizin rast gəldiyiniz sualları cavablandıraraq, təqdim edək. Aşağıda pasiyentlərin ən çox verdiyi suallar qeyd olunmuşdur.

1) Sual: Həyat yoldaşım xroniki hepatit B xəstəsidir. Qan dəyərləri 6 aydan bəri yüksəlir. Alt, AST dəyərləri 1400 u/l-ə qədər qalxıb. Səbəbi nə ola bilər? Nə etməliyik?

Cavab: Bir alovlanma ola bilər. İstifadə etdiyi hepatit B dərmanına ara verməsi belə bir klinik tabloya yol aça bilər. Delta hepatitə yoluxma ola bilər. Bitki məhsullarından çox istifadə etməsi buna səbəb ola bilər. Xəstəyə qan analizləri və diaqnostik müayinə metodlarından (USM, KT, MRT kimi) sonra dəqiq və ətraflı bir söz demək olar.

2) Sual: 2-3 il bundan öncə Hepatit B-yə görə peyvənd almışdım, Sonradan öyrəndim ki, yüksək immun cavab almaq üçün 3 dəfə peyvənd almaq lazımdır. Mən neçə dəfə peyvənd aldığımı xatırlamıram. Orqanizmimda Hepatit B-yə görə immunitet yaranıb yaranmadığını necə öyrənə bilərəm?

Cavab: Anti-Hbs analizinin cavabına baxaraq immunitet yaranıb yaranmadığına qərar verilə bilər. Əgər nəticə >10 mlU/ml olarsa demək immun cavabınız var artıq. Yox, əgər nəticə <10mlU/ml olarsa, neçə dəfə peyvənd aldığınızı xatırlamırsınızsa və daha öncəsində bu nəticənin >10mlU/m olub olmadığı bilinmədiyi üçün yenidən 3 dəfə peyvənd almalısınız.

3) Sual: İnternetdə apardığım araşdırmalarda xroniki Hepatit B xəstələrində qrip və digər infeksion xəstəliklər zamanı ağrıkəsici olaraq istifadə oluna biləcək dərmanlar haqqında yetərli məlumata rast gəlmədim. Bu haqda nə deyə bilərsiz? Hansı dərmanları istifadə edə bilərik?

Cavab: Qeyri-aktiv HBV-də ağrıkəsicilər problemsiz olaraq istifadə oluna bilər. Sirrotik xəstələrdə aspirin və digər anti-revmatik ağrıkəsicilərin istifadəsindən qaçmaq lazımdır. Alkolik qaraciyər xəstələrində, xüsusilə də aktiv alkoqol istifadəsinə davam edənlərdə parasetamol çox kiçik dozada belə qaraciyərdə ciddi problemlər yarada bilər. Digər xroniki Hepatit B xəstələri parasetamol istifadə edə bilər – günlük doza 3-4 gr-ı keçməmək şərtilə.

4) Sual: Yoldaşım HBV xəstəsidir. Yaşı 30, 2012-də biopsiya olundu və qaraciyərin zədələndiyi aşkarlandı. Tenofovir DF 300mg istifadə edir. Qaraciyər enzimləri normal, DNT-si neqativ idi. 6 ay öncə DNT 83 oldu. Ondan sonrakı 3 aylıq analizlərdə DNT 80 çıxdı. Dərmana qarşı müqavimət yaranır ya arada belə alovlanmalar ola bilərmi?

Cavab: Bəzən belə dəyişikliklər ola bilər, Tenofovir güclü antiviral təsiri olan və rezistentlik yaranma ehtimalı çox aşağı olan bir molekuldur. DNT-si çox da yüksəlmədiyi üçün rezistentlik yarandığını düşünmək tərəddüdlüdür. Rezistentlik zamanı adətən ALT, AST enzimlərində də yüksəlmə olur. HBV DNT-nin təkrar pozitivləşməsi ağıla ilk öncə müalicəyə uyğunlaşmanın tam olmadığını gətirir. Xəstənin zaman-zaman dərman qəbul etmədiyini düşünmək lazımdır. Nəticənin yaxşı olması üçün dərmanın hər gün lazimi qaydada qəbul olunması və səbrlə müalicənin davam etdirilməsi lazımdır və mütləqdir.

5) Sual: HBV daşıyıcısıyam. Uzun illərdir HBV-DNT PZR 6500İU/ml. Bu nəticəyə görə mənə biopsiya məsləhət görüldü. Nə etməliyəm?

Cavab: Əgər HBV-DNT PZR 2000İU/ml və üzərindən olarsa, ALT testində yüksəlmələr varsa biopsiya məsləhət görülür. Yaşınız >35 isə, və ya ailənizdə HBV-yə bağlı ciddi qaraciyər xəstəliyi (sirroz və ya karsinoma) olan adam varsa, ALT testi normal olsa belə biopsiya elətdirin. Biopsiya heç bir şeyə olumsuz, yəni mənfi təsir etməz. Əksinə xəstəliyinizin vəziyyəti və müalicəsi haqqında dolğun məlumat verəcək.

6) Sual: Mən 1 ildir HBV xəstəsiyəm. Təsadüfən öyrəndim. Bütün analizlərim normal səviyyədədir. Enzimlər də normaldır, HBV-DNT 78.000 səviyyəsindəykən, 6 ay sonra 24.000-ə enmişdir. Bunun səbəbi nədir? Heç bir dərman istifadə etmədiyim təqdirdə bu səviyyə niyə aşağı enib?

Cavab: HBV xəstəsi olduğunuza görə HbsAg pozitivsiniz. HBV DNT səviyyəsi də kifayət qədər yüksəkdir.Əlbəttə ki, ətraflı dəyərləndirmə üçün QÜA, ALT, AST, HBeAg, anti-HBe, Anti-HDV və digər analizlərə baxılmalıdır. Üst qarın USM aparılmalıdır. Bunların nəticəsinə əsasən xəstədə aktiv qaraciyər xəstəliyinin olub olmadığına qərar vermək olar.Əgər xəstəyə xroniki hepatit diaqnozu qoyulursa xəstə müalicəyə namizəd olacaqdır.Əksinə qeyri-aktiv HBV diaqnozu qoyulursa müalicəsiz izləmə və lazım gəldiyində müalicə aparılması məsləhət görülür. Bu məsələdə son qərar verdirici qızıl standart qaraciyər iynə biopsiyasıdır. Ancaq qaraciyərin fibroz dərəcəsini dəyərləndirmək üçün Elastoqrafiya və Elastometriya müayinə metodlarından da yararlanmaq olar. Siz mütləq bir hepatoloqa müraciət etməlisiniz.

7) Sual: HBV daşıyan hamilənin bu virusu uşağa yoluxdurmaması üçün bir tədbir varmı?

Cavab: Bəli var. HBV daşıyan hamilənin virusu uşağa yoluxdurmaması üçün uşaq doğular doğulmaz körpəyə Hepatit B immunoqlobulini və Hepatit B peyvəndi vurulmalıdır. Əgər hamilə HbeAg pozitivdirsə onda Hepatit B immunoqlobulini; HbeAg neqativdirsə birbaşa Hepatit B peyvəndi 3 dozada vurulur. 1-ci doza uşaq doğulduqdan sonra 18 saat ərzində, 2-ci doza 2-ci ayında, 3-cü doza isə körpənin 6-cı ayında vurulur.

8) Sual: HCV-yə qarşı peyvənd ala bilərəm?

Cavab: Xeyr. Çünki günümüzdə HVC-yə qarşı peyvənd yoxdur. Peyvəndin yaradılması da çox çətindir. Çünki hepatit C virusunun davamlı olaraq dəyişən bir neçə fərqli molekulyar konfiqurasiyası vardır.

9) Sual: Viral hepatitlərdə sarılıq müddətində mütləq gözlə görülən bir saralma olurmu?

Cavab: Xeyr. Hepatit A-da 7 yaşına qədər uşaqların 90-95%-i gözlə görünür bir sarılıq olmadan xəstəliyi keçirirlər. Hepatit B-də xəstələrin 65%-i gözlə görünür bir sarılıq keçirmir. Hepatit C-də isə xəstələrin 90-95%-i sarılıq olmadan xəstəliyi keçirirlər.

10) Sual: Dəniz suyunda hepatit virusları canlı qala bilərmi? Dənizə girməklə hepatitə yoluxmaq mümkündür?

Cavab: Bu xüsusilə hepatit A üçün mümkündür. Hepatit A virusunun şirin su və dəniz suyunda aylarca təsirinin qorunduğu üçün isti mühitdə günlər və aylarca canlı qala bildiyi müəyyənləşdirilmişdir.

11) Sual: Siz hepatit C-ni yeni preparatlarla (sofosbuvir + dactolasvir) interferonsuz və ribovirinsiz müalicə edirsiniz?

Cavab: Hər bir hepatitli pasient müvafiq sxemlə müalicə olunur. Ən son sxemlərdə ribovirin qalır. Müalicəyə hansı dərmanlarla başlamaq genotip, virus miqdarı və s nəzərə alınmaqla qərar verilir.Sofosbuvirin cenerik variantı və simeprevir respublikada qeydə alınıb. Digər molekullara resept yazmağa ixtiyarımız yoxdu.Xəstə xaricdən alıb gətirdiyi zaman biz sadəcə nəzarət edirik ki, belə xəstələrimiz çoxdur.

12) Sual: ALT, AST-nin yuxarı olması ilə sirroz olub olmadığı bilinir?

Cavab: ALT, AST-nin yuxarı olması qaraciyərdə ciddi problemlər olduğu zaman baş verir. Ancaq sirrozun elə mərhələsi də olur ki, bu fermentlər reaksiya vermir.

13) Sual: Zəfəranın Hepatit B xəstəsinə xeyri varmı?

Cavab: Zəfəranın dəmləməsi qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir. Ancaq Hepatit B virusuna heç bir təsiri yoxdur.

14) Sual: Mən hepatit C xəstəsiyəm. 7 ay interferon müalicəsi aldım,amma tam qutarmadı. 2 ay ara verdik. Həmin 2-ci ayda hamilə qaldım. Necə edim bilmirəm. Uşağı dünyaya gətirə bilərəmmi?

Cavab: İnterferonla müalicə bitdikdən sonra interferonlar qanda 1 il ərzində dövr edir. Ona görə də müalicədən sonrakı 1 il ərzində hamilə qalmaq olmaz.

15) Sual: Məndə hepatit C virusu aşkar edildi. ALT, AST, GGT normaldı. Bilmək istəyirəm ki, hepatit C tam müalicə olunurmu? Nə etməliyəm?

Cavab: Hepatit C tam müalicə olunur artıq. Siz 3 aydan bir biokimyanı yoxlatdırın və qaraciyərin parenxim dəyişikliklərini dəqiqləşdirin. .

Sosialda paylaş

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 2,00 out of 5)
Loading...

Author Info

Hicran Xıdırova

No Comments

Post a Comment

Təhlükəsizlik kodunu daxil edin *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.