Sağlamlığı qorumaq üçün xolesterin səviyyəsinin tarazlıqda olması çox vacibdir. Xolesterinin tənzimində qaraciyərimiz böyük rol oynayır. Bildiyimiz kimi, qaraciyər orqanizmdəki ən böyük vəzidir və xolesterini sintezini həyata keçirir.
Çox zaman xolesterolu təhlükəli, zərərli maddə kimi təsvir edirlər, lakin bu yanlış fikirdir, çünki xolesterol hormonların, D vitamininin, həzm fermentlərinin sintezi üçün mütləq lazım olan bir maddədir.
Xolesterol lipoproteinlər vasitəsilə bədəndə daşınır. Bunların 2 əsas tipi vardır: yüksək sıxlıqlı (HDL) və aşağı sıxlıqlı (LDL). Orqanizmdə hər iki növə müəyyən miqdarda ehtiyac duyulur.
LDL xolesterolun miqdarının artması ürəyə gedən damarlarında yağ əlavələrinin toplanmasına gətirib çıxarır. Ona görə də LDL “ziyanlı xolesterol” adlanır. HDL xolesterolun miqdarı azalanda isə orqanizm yağ toplantılarından təmizlənə bilmir. Nəticədə ürək xəstəlikləri və infarkt riski artır.
Orqanizmdə HDL – “faydalı xolesterol”, LDL –“ziyanlı xolesterol” və total xolesterol səviyyələrini bilmək lazımdır. Həmçinin triqliseridlərin miqdarı da vacib bir göstəricidir.
Qaraciyərin xəstəlikləri zamanı –qaraciyərin piylənməsi, sirroz, dərman maddələriylə zədələnməsi onun xolesterin sintezi funksiyası pozulur. Nəticədə yuxarıda qeyd etdiyimiz xolesterin növlərinin də tarazlığı pozularaq ürək xəstəlikləri üçün təhlükəli bir zəmin yaranır.
No Comments